Marneuli şəhərində, “Yenədə böyüyəcəklər” abidəsinin yerləşdiyi parkda “Marneuli El bayramı” keçirilib.
Tədbirdə Kvemo Kartli qubernatoru İlia Calagania, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini Şota Rexviaşvili, Marneuli meri Daur İsmayılov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və yerli hakimiyyət nümayəndələri iştirak ediblər.
Bayram tədbiri çərçivəsində müxtəlif yaş qrupları üçün əyləncə və maarifləndirici proqramlar təşkil olunub. Uşaqlar üçün xüsusi məkan yaradılıb, idman sahələri, animatorların şousu və fotozona fəaliyyət göstərib. Həmçinin çörək və şərab instalyasiyası, yerli məhsulların sərgi-satışı təşkil edilib.
Tədbirin etnoqrafik bölməsində ənənəvi məişət və mətbəx nümunələri nümayiş etdirilib. təndirdə çörək bişirilməsi, müxtəlif pendir növlərinin təqdimatı və satışı, sucuq hazırlanması, həmçinin fətir bişirilməsi üzrə ustad dərsləri keçirilib.
Bundan əlavə, gürcü, azərbaycanlı, erməni və yunan xalqlarının etnoqrafik nümunələri sərgilənib. İştirakçılar müxtəlif xalqların milli şirniyyat və çərəzlərindən dadmaq imkanı əldə ediblər.
Bayramın konsert proqramında Şaban Məmmədov, “Kartuli Xmebi” musiqi qrupu, Azərbaycandan dəvət olunmuş müğənni Damla və DJ Sako çıxış ediblər.