"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Tbilisidəki büstünə qarşı törədilən vandalizm aktı təkcə bir abidəyə deyil, həm də tarixi irsə, xalqlar arasında qarşılıqlı hörmətə və mədəni dəyərlərə qarşı yönəlmiş qəbuledilməz bir hərəkətdir".
Aktual.ge xəbər verir ki, bu sözlərlə ictimai və siyasi fəal Nərgiz Əliyeva sosial şəbəkədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Tbilisidəki büstünə qarşı törədilən vandalizm aktına münasibət bildirib.
Müvafiq hadisəni pisləyən Nərgiz Əliyeva qeyd edib:
"Hər bir xalqın qürur duyduğu, tarixdə silinməz iz qoymuş şəxsiyyətləri var. Belə insanların xatirəsinə ucaldılan abidələr təkcə daşdan yonulmuş heykəllər deyil, həm də tarixi yaddaşın, dövlətçilik ənənələrinin və xalqların öz dəyərlərinə ehtiramının rəmzidir.
Heydər Əliyev dünya şöhrətli siyasətçi olmaqla yanaşı, Azərbaycan-Gürcüstan münasibətlərinin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynamış şəxsiyyətdir. Bu gün Gürcüstanın strateji və iqtisadi inkişafında mühüm yer tutan enerji və nəqliyyat layihələrinin bəhrələri hələ də hər iki ölkə üçün əhəmiyyətini qoruyur. Onun büstünün Tbilisidə ucaldılması həm Gürcüstanda yaşayan azərbaycanlılar üçün mənəvi əhəmiyyət daşıyır, həm də iki ölkə arasında dostluq və tərəfdaşlığın rəmzi kimi qəbul edilir.
Bu vandalizm aktını törədən şəxsin hansı millətə mənsub olmasının əhəmiyyəti yoxdur. Mədəni irsə və tarixi abidələrə qarşı yönəlmiş belə əməllər harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq hüquqi qiymət almalı, günahkarlar qanun qarşısında cavab verməlidirlər".
Məlumat üçün bildirək ki, 21 sentyabr səhər saatlarında Tbilisidəki Uluöndər Heydər Əliyevin büstünə qarşı vandalizm aktı törədilib. Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev Aktual.ge-yə açıqlamasında bildirib ki, cinayəti törədən şəxs artıq saxlanılıb və istintaq tədbirləri davam edir.