“Gürcüstanın namizəd statusu yalnız kağız üzərində mövcuddur. Gürcüstan hakimiyyəti ilə yenidən fəal əməkdaşlıq etməyi çox istəyirik, lakin onlar bunun üçün addımlar atmalıdırlar”.
Aktual.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O, Gürcüstan hökuməti ilə əməkdaşlığın bərpa edilməsinin planlaşdırılıb-planlaşdırılmadığı barədə suala cavab verib.
“Onlar irəliləmədikcə və əksinə, qəbul etdikləri qanunlarla gerilədikcə, irəliləyiş olmadığı və Avropa dəyərlərinə doğru addımlar atılmadığı müddətcə onlarla əməkdaşlıq etməyəcəyik”, – deyə Marta Kos qeyd edib.
Bununla yanaşı, onun sözlərinə görə, Avropa İttifaqı vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirir və Gürcüstan xalqına dəstək verir.
“Gürcüstan əhalisi üçün çox mühüm mesajımız var: hakimiyyətlə əməkdaşlıq etməsək də, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edir və xalqa dəstək veririk. Yardım göstərdiyimiz bir çox sahə var və bunu gələcəkdə də davam etdirəcəyik. Gürcüstanın namizəd ölkə statusunun yalnız kağız üzərində qalmaması yaxşı olardı. Lakin irəliləyişə nail olmaq üçün hər iki tərəfin iştirakı vacibdir”, – deyə o bildirib.