Bu tarixdən pensiyalar 415 lari olacaq
12.10.2026 14:46
658
Maraqlı
A
Bu tarixdən pensiyalar 415 lari olacaq

Hökumətin qərarı ilə 70 yaşadək təqaüdçülərin pensiyası yanvarın 1-dən 415 lari olacaq.

Aktual.ge xəbər verir ki, müvafiq bəyanatı Baş nazir İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə verib.

"Cəmiyyətlə sosial məsələlərlə bağlı iki vacib qərar barədə məlumat paylaşmaq istəyirik: 70 yaşadək təqaüdçülər üçün nəzərdə tutulmuş pensiyanı indeksasiya qaydası ilə nəzərdə tutulan 20 lari əvəzinə 45 lari artırmaq qərarına gəldik. Müvafiq olaraq, yüksək dağlıq yaşayış məntəqələrində yaşayan təqaüdçülər istisna olmaqla, 70 yaşadək təqaüdçülərin pensiyası yanvarın 1-dən 415 lari olacaq.

Sözügedən dəyişiklik dövlət büdcəsində pensiya üçün ayrılan xərclərin əlavə 128 milyon lari artmasına səbəb olacaq. Xatırlatmaq istəyirəm ki, dövlət büdcəsində sosial xərclərin payı 33 faizi üstələyir. 2026-cı ildə yaşa görə pensiyalara 5 milyard laridən çox, toplanan pensiya sxeminin həmtəşkilatçılığına (birgə maliyyələşdirilməsinə) isə 540 milyon lari ayrılmışdı. Müqayisə üçün, 2012-ci ildə pensiyalara cəmi 1 milyard 65 milyon lari ayrılmışdı.

Bir daha qeyd edirəm ki, sosial xərclərə dövlət büdcəsinin üçdə biri ayrılıb. Bu o deməkdir ki, sosial xərclər artıq yol verilən normanın və beynəlxalq maliyyə institutlarının tövsiyələrinin həddindədir. Bu həddi keçmək iqtisadi artımı əhəmiyyətli dərəcədə ləngidəcək və inflyasiya proseslərinə təkan verəcək ki, bu da sosial xərclərin səmərəliliyinə birbaşa təsir göstərəcək. Həddən artıq sosial xərclərin artırılması fiskal konsolidasiyanın keyfiyyətini azaldacaq və bu da beynəlxalq maliyyə institutları tərəfindən Gürcüstanın maliyyələşdirilməsinə mənfi təsir göstərəcəkdi.

Bununla yanaşı, yol verilən norma daxilində biz növbəti illərdə də 70 yaşadək təqaüdçülərin pensiyasını indeksasiya qaydasından kənar maksimum dərəcədə artırmağa çalışacağıq", - deyə Baş nazir bildirib.

ŞƏRH YAZ
0