15.03.2021 14:14
426
Maraqlı
A
"Gürcüstan" qəzetinin yaranmasından 100 il ötür
Gürcüstanda azərbaycandilli həftəlik “Gürcüstan” qəzetinin işıq üzü görməsindən 100 il ötür. Aktual.ge xəbər verir ki, “Gürcüstan”ın sələfi “Kommunist” adlı qəzetin ilk sayı 1921-ci ilin martında nəşr olunub. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən “Gürcüstan” adı ilə çıxır. 100 il ərzində qəzet bir neçə dəfə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. Nəşrə baş redaktorluq edənlər arasında Gürcüstanın tanınmış azərbaycanlı qələm sahibləri Süleyman Süleymanov və İslam Əliyev də olub. Qəzetin son nömrəsində əlamətdar tarixə həsr olunan “Tarixi yaşadanın tarixi” sərlövhəli məqalədə yazılıb ki, nəşr ilk gündən dövlətçilik mənafeyini ön plana çəkib, milli-mənəvi dəyərlərin yaşadılması, gürcü-Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsi ideallarına sədaqətini nümayiş etdirib. Nəşr Gürcüstanda bir sıra dövlət mükafatı və fəxri fərmanlara layiq görülüb. Azərbaycan və Gürcüstan arasında özünəməxsus mənəvi körpü olan qəzet 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qanlı hadislər barədə həqiqətlərin Gürcüstan ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayıb. Belə ki, faciədən sonra işıq üzü görən o zamankı “Sovet Gürcüstanı” qəzetinin bütün səhifələrində bu gün də qəzetin əməkdaşı olan fotoqraf Şahvələd Eyvazovun Bakıda lentə aldığı fotolar yerləşdirilib və nüsxələr Tbilisinin mərkəzi Rustaveli prospekti boyu yerləşən binaların divarlarına yapışdırılıb. Bir əsrlik tarixə malik “Gürcüstan” qəzeti ölkədə Azərbaycan mətbuatının zəngin tarixi ənənələrini şərəflə yaşatmağa davam edir. Nəşr həftədə bir dəfə - hər cümə günü oxucularını sevindirir.
ŞƏRH YAZ
2