İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, şərtlər yerinə yetirilməyənə və ABŞ öz öhdəliklərini icra etməyənə qədər Hörmüz boğazı açılmayacaq və danışıqlardan əvvəlki vəziyyətə qayıdılmayacaq.
Aktual.ge İRNA-ya istinadən xəbər verir ki, o, İran Parlamentndə çıxışında belə deyib.
Qalibaf müharibə və ya danışıqlar dilemmasını real hesab etmədiklərini qeyd edib. Fevralın sonundan etibarən faktiki olaraq bağlı olan boğaz Brent neftinin qiymətini illik müqayisədə 55 faizdən çox yüksəldib.
Diplomatiya səhnəsində “rasional və güzəştə qapalı” mövqe tutduqlarını bildirən Qalibaf, İranın mesaj və şərtlərinin vasitəçilər üzərindən ABŞ-a çatdırıldığını ifadə edib.
"Bu şərtlər yerinə yetirilmədiyi, İran xalqının qanuni hüquqları tanınmadığı və ABŞ öz öhdəliklərini yerinə yetirmədiyi müddətcə heç bir şəkildə danışıqlardan əvvəlki vəziyyətə qayıdılmayacaq və Hörmüz boğazı açılmayacaq", - deyən İran Parlamentinin sədri ABŞ-la danışıqlara qarşı çıxan İrandakı qruplara da müraciət edərək əlavə edib:
"Biz müharibə və ya danışıqlar şəklindəki dilemmanın real olmadığına, həm mübarizə aparılmalı, həm də danışıqların aparılmalı olduğuna inanırıq".
Qalibafın açıqlaması neft bazarında Hörmüz boğazının yenidən açılacağına dair gözləntilərin zəiflədiyi bir dövrə təsadüf edib. Brent nefti sentyabrın 18-də 0,91 faiz ucuzlaşaraq bir barel üçün 103,87 dollardan, ABŞ xam nefti WTI isə 1,58 faiz azalaraq 100,30 dollardan satılıb. Qiymətlərdəki enişə baxmayaraq, son bir ilin mənzərəsi diqqətçəkəndir: Brent illik müqayisədə 55,8 faiz, WTI isə 60,7 faiz bahalaşıb. Aylıq artım isə Brentdə 13,4 faiz, WTI-də 18,9 faiz təşkil edib.