“Dəyişiklik üçün” koalisiyasının liderlərindən biri Nika Qvaramia YouTube verilişində qonaq olarkən gürcülərlə abxazlar arasındakı münasibətlərdən və münaqişənin həlli yollarından danışıb.
Aktual.ge xəbər verir ki, Qvaramianın sözlərinə görə, abxazlarla gürcülər arasında bir-birinə qarşı sevgi yoxdur və keçmişdə baş verən hadisələr səbəbindən tərəflər arasında qarşılıqlı nifrət və düşmənçilik təbii olaraq formalaşıb.
“Onlar gürcüləri sevmirlər və gəlin səmimi olaq, biz də abxazları sevmirik və bu, təbiidir. Özümüzü aldatmayaq və bir-birimizi də aldatmayaq ki, guya biz qardaşıq və sair. Biz belə düşünmürük və bu, belə də deyil. Hazırda biz düşmənik. Düşmənçilik sevgi ilə dəyişdirilə bilməz. Bu, baş vermir, heç bir yerdə baş verməyib. Abxazlar faktiki olaraq bütöv bir xalq olaraq döyüşüblər. Buna görə də aramızda qarşılıqlı nifrət və düşmənçilik var və bu, təbii olaraq bütün bunlarla şərtlənib.
Amma düşünürəm ki, Avropa İttifaqı bütün bu prosesə çox iddialı şəkildə qoşulacaq. Bu yolla həm Gürcüstanın Avropa İttifaqına üzvlüyü asanlaşacaq, həm də üzvlük vasitəsilə münaqişənin həlli sadələşəcək”, – deyə Nika Qvaramia bildirib.