Hökumət üzümün qiymətini artırdı: Etirazçılar yolu açdılar
22.09.2026 15:52
413
Siyasət
A
Hökumət üzümün qiymətini artırdı: Etirazçılar yolu açdılar

Kaxetinin Axalsopli kəndində keçirilən etiraz aksiya nəticə verib, hökumət satıcılarla razılığa gəlib.

Aktual.ge xəbər verir ki, Axalsopli kəndinin mərkəzində toplaşan kəndlilərin yanına az əvvəl yerli hakimiyyət orqanlarının və şərab zavodunun nümayəndələri gəlib və etiraz iştirakçılarına üzümün yenilənmiş qiymətlərini təqdim ediblər.

Hökumətin qərarına əsasən, üzümün keyfiyyətinin minimum göstəricisi 17%-dən 16%-ə endiriləcək, qiymət isə 30 tetridən 50 tetriyə qaldırılacaq. Bu barədə Milli Şərab Agentliyinin rəhbəri və "Rtveli 2026" qərargahının rəhbəri Levan Mexuzla bildirib.

Hökumət rəsmisinin aksiyada bu açıqlamanı verməsindən sonra ərazidə toplaşan və yolu bağlayan etirazçılar yolu açıblar. Bundan əvvəl isə Axalsoplidə vəziyyət son dərəcə gərgin olub.

Konkret olaraq, yüksək kondisiyalı üzüm üçün 20 dərəcədən yuxarı şəkərliliyə malik Saperavinin qiyməti 1,50 lari, 19 dərəcədən yuxarı Rkatsiteli və digər üzüm sortlarının qiyməti isə 1,30 lari olacaq. Aşağı kondisiyalı üzüm üçün 16–20 dərəcə aralığında Saperavinin qiyməti 1 lari, 16–19 dərəcə aralığında Rkatsiteli və digər üzüm sortlarının qiyməti isə 90 tetri olacaq.

Bununla yanaşı, Levan Mexuzla bildirib ki, üzümünü artıq təhvil vermiş üzümçülərin də qiymətləri yenidən hesablanacaq və onlara kompensasiya ödəniləcək.

“Hökumətin üzümün təhvil verilməsi sxemini müəyyən edən qərarında müəyyən düzəlişlər edirik. İlk olaraq qeyd etmək istəyirəm ki, keyfiyyətin minimum göstəricisi 17%-dən 16%-ə endiriləcək. 16%-dən aşağı göstərici nə artıq şərab istehsalı üçün, nə də spirt istehsalı üçün yararlıdır, çünki çıxım çox aşağıdır. Buna görə də müəyyən minimum hədd saxlamalıyıq. Minimum xərclərlə bağlı narazılıqlar səsləndirildiyi üçün ödəniləcək qiymət 30 tetridən 50 tetriyə qaldırılacaq. Yəni 16%-dən aşağı olan istənilən üzüm, əlbəttə ki, 50 tetri olacaq.

Həmçinin gecikmiş üzüm yığımı ilə əlaqədar olaraq, yetişkənliyin ən yüksək göstəricisi hər sort üzrə bir pillə aşağı salınacaq. Saperavidə bu göstərici 21-dən 20-yə, digər şərabçılıq sortlarında isə 20-dən 19-a endiriləcək. Bu halda da hökumətin qərarına əsasən qiymətlər 10 tetri artırılacaq. 16–19 dərəcə arasında olan, Saperavidən başqa digər sortlar 90 tetriyə, şəkərliliyi 16–20 dərəcə arasında olan Saperavi isə 1 lariyə qəbul ediləcək. Ən yüksək keyfiyyətli üzümlərə gəlincə, qiymət dəyişməz qalır - Saperavidən başqa bütün şərabçılıq sortları üçün 19 dərəcədən yuxarı üzüm 1,30 lari olacaq. Saperavi üçün isə 20 dərəcədən yuxarı göstəricidə 1,50 lari qiymət saxlanılacaq”, - deyə Levan Mexuzla bildirib.

Məlumat üçün bildirək ki, etiraz əvvəlcə Kvareli bələdiyyəsinin Şilda kəndində başlayıb, daha sonra Axalsopliyə keçib. Üzümçülərin sözlərinə görə, onların əvvəlcədən ölçdükləri üzümün şəkərlilik göstəricisi zavodlarda müəyyən edilən göstərici ilə üst-üstə düşmür və buna görə də onlara məhsulu aşağı qiymətə təhvil vermək təklif olunur.

Mövcud dövlət sxeminə əsasən, şəkərliliyi 17%-ə qədər olan üzümün alış qiyməti hər kiloqram üçün 30 tetri təşkil edir. Üzümçülərin bir hissəsi bildirir ki, bu məbləğ məhsulun yetişdirilməsi və yığılması xərclərini belə ödəmir və qaydaların dəyişdirilməsini tələb edir.

ŞƏRH YAZ
0