Daxili İşlər Nazirliyinin (DİN) İmereti Polis Departamentinin əməkdaşları tərəfindən kompleks şəkildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətləri ilə məşğul olan mütəşəkkil qrup aşkarlanıb və 40 kiloqrama qədər narkotik vasitənin satışının qarşısı alınıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Nazirliyin məlumatına görə, müsadirə olunan narkotik vasitələrin “qara bazar”da ehtimal olunan dəyəri 14 milyon laridən çoxdur.
“İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan iki xarici ölkə vətəndaşı narkotik vasitələrin satış sxeminə cəlb olunublar. Onlar narkotikləri Gürcüstanın bir neçə regionunda əvvəlcədən seçilmiş yerlərdə yerləşdirir, daha sonra isə müvafiq koordinatları və həmin əraziləri göstərən fotoları maraqlı şəxslərə göndərirdilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində apardıqları şəxsi axtarış və onların göstərdiyi ərazilərin yoxlanılması nəticəsində sübut kimi 117 bağlamada qablaşdırılmış, 12 kiloqrama qədər 'metadon' və 267 bağlamada qablaşdırılmış, 28 kiloqrama qədər 'həşiş' aşkar edərək götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, yayılması və satışına qarşı mübarizəni ölkə üzrə fəal şəkildə davam etdirirlər”, – məlumatda bildirilib.