19.10.2026 17:02
116
Siyasət
A
"Azərbaycan ilə Gürcüstan regionun iqtisadi potensialının artırılmasında aparıcı rol oynayır" | Viktor Kipiani

Gürcüstan ilə Azərbaycan arasında əlaqələr möhkəm təməl üzərində qurulub. Bu iki ölkə regional əməkdaşlığı gücləndirməklə Cənubi Qafqazın rəqabət qabiliyyətinin və iqtisadi potensialının artırılmasında aparıcı rol oynayır.

Aktual.ge xəbər verir ki, bunu “Geocase” analitik təşkilatının rəhbəri Viktor Kipiani Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında münasibətlər möhkəm təmələ əsaslanır. Bununla belə, regionda baş verən proseslər və beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsini zəruri edir. 

“Geocase”in rəhbəri qeyd edib ki, hazırkı qlobal prosesləri yalnız deqloballaşma kimi qiymətləndirmək düzgün olmazdı. Onun fikrincə, dünyada yenidən qloballaşma prosesi ilə yanaşı, regionların və regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti də artır.

Viktor Kipiani vurğulayıb ki, Gürcüstan və Azərbaycan dəyişən regional şəraitdə əməkdaşlığı dərinləşdirmək və yeni regional düzənin formalaşmasında daha fəal iştirak etmək potensialına malikdir.

“Bu istiqamətdə birgə səylərin artırılması yalnız iki ölkənin münasibətlərinin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazın rəqabət qabiliyyətinin yüksəldilməsinə də töhfə verə bilər”, - deyə Viktor Kipiani əminliyini ifadə edib.

ŞƏRH YAZ
2