"Formula" telekanalının jurnalisti Vaxo Sanaya yaşadığı evin yaxınlığında saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu gün hakim Tornike Koçkianinin qərarı ilə jurnalistə 30 günlük inzibati həbs cəzası verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Vaxo Sanayanı sosial şəbəkədə yayımladığı üç paylaşım vasitəsilə siyasi vəzifəli şəxsləri təhqir etməkdə ittiham edirdi.
Xatırladaq ki, jurnalist daha əvvəl də 14 günlük inzibati həbs cəzası çəkib. O, iyulun 22-də yaşadığı evin yaxınlığında saxlanılmışdı.
Həmin vaxt Sanayaya parlament sədri Şalva Papuaşvili və deputat Vladimir Bojadze haqqında sosial şəbəkədə yazdığı paylaşım səbəbindən 14 günlük inzibati həbs cəzası verilmişdi.
Hər iki iş üzrə hüquqi tədbirlərin görülməsi üçün Tbilisi Şəhər Məhkəməsinə Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsi müraciət edib.