Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qazılan yolların bərpa olunmaması, drenaj sistemilə bağlı yaranan problemlər və yolların yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Müvəqqəti olaraq yolu bağlayan etirazçı qadınlar bildiriblər ki, yolların yararsız vəziyyətdə olması səbəbindən ictimai nəqliyyat kəndə daxil ola bilmir. Həm sakinlər, həm də məktəbə gedən şagirdlər hərəkətdə çətinlik çəkirlər. Yolların bərbad vəziyyəti avtomobillərin hərəkətinə mane olur, nəqliyyat vasitələri tez-tez zədələnir. Bundan əlavə, mövcud vəziyyət təcili tibbi yardım avtomobillərinin kəndə çatmasını da çətinləşdirir.
Kənd sakinləri aidiyyəti qurumları drenaj sisteminin qurulması işlərini vaxtında başa çatdırmağa, qazılmış yolları bərpa etməyə və asfaltlama işlərinə başlamağa çağırıblar. Etirazçılar problemlər həll olunmasa, növbəti aksiyanı Marneuli meriyasının qarşısında keçirəcəklərini bildiriblər.
Marneuli meriyasının İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Davit Mumladzenin sözlərinə görə, Qızılhacılı kəndində işləri “New Group” şirkəti həyata keçirir. Müqavilə avqustun sonunda imzalanıb, işlərə isə sentyabr ayında başlanılıb.Layihənin dekabrın sonunadək başa çatdırılması planlaşdırılır.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: