Filosof Zaza Şatirişvili iddia edir ki, qlobal güc mərkəzləri Avropanın iqtisadi zəifləməsindən, müharibələrdən və enerji qiymətlərinin artmasından istifadə edərək qitəni daha asılı vəziyyətə salmağa çalışırlar.
Aktual.ge xəbər verir ki, Şatirişvili geniş məqaləsində Avropada həyat xərclərinin artmasını, enerji daşıyıcılarının bahalaşmasını və müharibə təhlükəsi ilə bağlı davamlı məlumatlandırmanı “dərin dövlət” adlandırdığı qüvvələrin siyasi təsir vasitələri kimi qiymətləndirib.
Şatirişvili Rusiya-Ukrayna müharibəsi fonunda enerji infrastrukturlarına hücumların neft məhsullarının qiymətinə təsir etdiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna ilə bağlı açıqlamalarını da tənqid edərək, bu bəyanatların tez-tez dəyişdiyini iddia edib.
Məqalədə filosof Trampın Ukrayna və Rusiyanın enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılığa gəldikləri və Rusiyanın dizel yanacağını beynəlxalq bazarda satacağı ilə bağlı açıqlamalarına da toxunub. Şatirişvili yazır ki, bu bəyanatlara baxmayaraq, hücumların dayandırılması və qiymətlərin aşağı düşməsi istiqamətində müsbət nəticə görünmür.
Filosof hesab edir ki, iqtisadi problemlərdən yorulmuş Avropa cəmiyyətinə əvvəlcə mövcud vəziyyətdən yeganə çıxış yolu kimi böyük beynəlxalq korporasiyalar təqdim edilə bilər. Onun fikrincə, son məqsəd Avropada korporativ idarəetmənin güclənməsi və cəmiyyətin bu modelə razı salınmasıdır.
Şatirişvili həmçinin Qərb mediasında milli suverenliyi və ənənəvi dəyərləri müdafiə edən mövqelərin məhdudlaşdırıldığını, əhəmiyyətli məsələlərin isə çoxlu informasiya arasında diqqətdən kənarda qaldığını iddia edib.