Filosof Zaza Şatirişvili Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hakimiyyətdə olduğu dövrü “dərin dövlət” adlandırdığı qüvvələrin təsir mexanizmlərinə nümunə kimi təqdim edib. O, Saakaşvilini Qərbdəki qlobal güc mərkəzlərinin maraqlarına xidmət etməkdə ittiham edib və 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı onun açıqlamalarını tənqid edib.
Aktual.ge xəbər verir ki, Şatirişvili məqaləsində Saakaşvilinin hakimiyyəti dövründə ölkədə “yeni gürcü” yaratmaq cəhdlərinin olduğunu iddia edib. Filosof keçmiş prezidentin 2008-ci il müharibəsindən sonra səsləndirdiyi fikirləri də xatırladaraq, onun Gürcüstanın məğlub olduğu müharibəni qələbə kimi təqdim etdiyini bildirib.
Şatirişvilinin fikrincə, Saakaşvili həmin dövrdə cəmiyyətə Rusiyanın yalnız Gürcüstan ərazilərinin 20 faizini işğal etdiyini və bunun qələbə sayılmalı olduğunu təlqin etməyə çalışıb. Filosof hesab edir ki, Gürcüstan cəmiyyəti o vaxt bu narrativi qəbul etməyib.
Filosof iddia edir ki, beynəlxalq güc mərkəzləri müəyyən ideologiyaları və siyasi narrativləri formalaşdırır, daha sonra isə ayrı-ayrı ölkələrdəki siyasi fiqurlar vasitəsilə onları yaymağa çalışırlar. Onun fikrincə, Saakaşvili bu mexanizmin Gürcüstandakı nümunələrindən biridir.
Şatirişvili məqaləsində “dərin dövlət” adlandırdığı qüvvələrin özlərinə tabe olmayan siyasi aktorları nüfuzdan salmaq üçün onların özlərinin həyata keçirdikləri əməllərdə ittiham olunduqlarını da iddia edib. O, bu yanaşmanın Gürcüstanda Bidzina İvanişvili və “Gürcü Arzusu” ilə bağlı müzakirələrdə də müşahidə olunduğunu bildirib.
Filosofun fikrincə, Gürcüstanın milli suverenliyini və ənənəvi dəyərlərini qorumağa çalışan qüvvələrə qarşı müxtəlif damğalardan istifadə edilməsi onların siyasi mövqelərini zəiflətmək məqsədi daşıyır.