Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl baş verib.
Üç qardaşa odlu silahla atəş açılıb. Onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə qaçaraq xilas ola bilib.
Yerli sakinlərin sözlərinə görə, qardaşlar uzun illər Rusiyada yaşayıblar və kəndə qısa müddət əvvəl qayıdıblar.
Məlumata görə, hadisə qardaşların qohumlarının toyuna getdikləri zaman baş verib.
Belə ki, kənd sakinlərindən biri onlara pusqu quraraq atəş açıb. Aldıqları xəsarətlər nəticəsində iki qardaşın həyatını xilas etmək mümkün olmayıb.
Qətlin dəqiq səbəbi məlum deyil. Lakin ehtimal olunan motivlər arasında qisas və keçmişdə yaranmış münaqişə nəzərdən keçirilir.
Qeyri-rəsmi məlumata görə, şübhəli şəxs polis tərəfindən hadisədən dərhal sonra saxlanılıb. Hələlik Daxili İşlər Nazirliyi məsələ ilə bağlı şərh vermir.