Tbilisidə mağazaları talayan 4 yeniyetmə saxlanıldı
Bugün
87
Kriminal
A
Tbilisidə mağazaları talayan 4 yeniyetmə saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş soyğunçuluq, soyğunçuluğa cəhd, oğurluq və sağlamlığa az ağır zərər vurma ittihamları ilə müxtəlif vaxtlarda 4 yeniyetmə saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, yeniyetmələr qanunsuz yolla mənimsəmək məqsədilə Tbilisidə yerləşən ərzaq mağazalar şəbəkələrindən müxtəlif dəyərdə məhsullar və pul vəsaitləri oğurladıqdan sonra hadisə yerlərindən qaçıblar.

“İstintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri, eləcə də saxlanılan şəxslərdən birinə məxsus mobil telefondan əldə edilən qeydlər götürülüb. Bu materiallar təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.

İstintaqla həmçinin müəyyən edilib ki, saxlanılanlardan ikisi qanunsuz yolla mənimsəmək məqsədilə vətəndaşın mobil telefonunu soyub, daha bir yeniyetmə isə oğurluqla yanaşı, vətəndaşa sağlamlığa az ağır zərər vurub.

Yeniyetmələrin törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə və fiziki şəxslərə ümumilikdə 15 000 laridən artıq maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məhkəmə qərarı əsasında hər dörd yeniyetməni təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci, 19-178-ci, 177-ci və 118-ci maddələri ilə aparılır. Sözügedən maddələr 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
0