1 may 2028-ci il tarixindən etibarən vergi ödəyiciləri istehlakçılarla hesablaşmalar zamanı vahid sistem çərçivəsində fəaliyyət göstərən xüsusi nəzarət-kassa aparatlarından və elektron ticarət terminallarından istifadə etməyə məcbur olacaqlar.
Aktual.ge xəbər verir ki, bu, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.
Qanunvericilikdəki dəyişikliklərə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən yalnız yeni standartlara cavab verən nəzarət-kassa aparatları vergi orqanında qeydiyyata alınacaq. Bununla yanaşı, biznes subyektləri 1 may 2028-ci il tarixinədək artıq qeydiyyatdan keçmiş kassa aparatlarından və terminallardan istifadə edə biləcəklər.
Qanun layihəsinə görə, vergi ödəyicilərinin kassa aparatları və terminallarla təmin edilməsini, eləcə də onların texniki xidmətini Gürcüstan hökuməti tərəfindən seçilmiş vahid operator həyata keçirəcək. Xidmət haqqının məbləği və ödənilmə qaydası hökumət tərəfindən əlavə olaraq müəyyən ediləcək.
Bundan əlavə, istehlakçılarla hesablaşmalar zamanı kassa aparatı olmadan işləmək və ya ondan istifadə etməmək 200 lari məbləğində cərimə ilə nəticələnəcək.
Dəyişikliklərin əsas hissəsi artıq qüvvəyə minib, yeni sistemin məcburi tələbləri isə 2027 və 2028-ci illərdə mərhələli şəkildə qüvvəyə minəcək.
Dəyişikliklərin müəllifləri və təşəbbüskarları Gürcüstan Parlamentinin üzvləridir: Paata Kvijinadze, İrakli Xeladze, Bejan Tsakadze, Zurab Rurua, Giorgi Barvenaşvili, Levan Maçavariani.