Marneuli meriyasında SKANDAL QOPDU - Sadaxlıya niyə büdcə ayrılmır...
"Büdcəyə Sadaxlı aid deyilmi? Sadaxlıda heç nə edilməyəcəkmi, bu ilki büdcədən? Sadaxlıda da idman zalı, mini stadion və s. kimi ehtiyaclar var. Başa düşmürəm nə cür ola bilər ki, bu büdcədən Sadaxlıda heç bir şey edilmir? Böyük kənddi deyə edilmir yoxsa necə? Çox xahiş edirəm hər şeyi halal yolla və normal şəkildə edəsiniz. Sakit dururam və heç nə demirəm. Gedin, əhali ilə danışın, başa salın uşaqlara ki, imkan yoxdur deyə edə bilmirik. Belə şeylər olmaz. Sadəcə olaraq ayıbdır".
Aktual.ge xəbər verir ki, bu sözləri Sadaxlı kəndinin deputatı Rövşən İskəndərov 26 yanvar tarixində Marneuli meriyasının zalında 2021-ci il büdcəsinin təqdimat mərasimində çıxış edərkən söyləyib.
Onun bu sözlərinə Marneuli meri vəzifəsini icra edən Zaur Tabadze belə fikir bildirib:
"Cənab deputat, 2020-ci ildə Sadaxlıda təcili yardım binası tikildi, Təzəkənd və Burmaya gedən yol bərpa edildi, Burma kəndinin içməli su təchizatı təmir edildi, Sadaxlının daxili yolları təmir olundu. Bunlardan əlavə təxminan 2 ay əvvəl milyon yarımlıq su təchizatı sistemi quruldu. Bütün bunlara baxmayaraq, Sadaxlı əhalisinin nə cür pretenziyası olmalıdır?
R.İskəndərov isə Z.Tabatadzenin sözlərinə belə cavab verib:
"Əgər belə maraqlanırsınızsa gəlin Sadaxlıya gedək. Sadaxlı 2 min əhalisi olan kənd deyil. Sadaxlı inzibati ərazisində 18 min əhali yaşayır. Burmada, Təzəkənddə, Mollaoğluda və eləcə də Xuldərədə gənclər üçün mini futbol stadionu yoxdur ki, gənclərimiz məşğul olsunlar".
Mer isə Sadaxlı deputatının etirazlı sözlərinə son cavabı belə olub:
"Adınızla ərizə qoyun bura. Ondan sonra biz nəzərə alacağıq".
"Büdcə hesabatına qulaq asanda gördüm ki, Sadaxlıda mini stadionun inşa edilməsi üçün büdcədən heç bir şey ayrılmayıb",-Sadaxlı deputatı deyib.
Marneuli Bələdiyyə məclisinin sədri Amiran Giorgadze də məsələyə fikir bildirərək deyib:
Bir sualım var. Siz Sadaxlının majoritar deputatısınız. Biz əvvəllər burada bir neçə dəfə büdcənin müzakirəsində olmuşuq. Siz niyə iştirak etmirdiniz? Ola bilsin ki, biz sizin tələbinizi nəzərə alacağdıq.
R.İskəndərov:
"Əvvəlki illərdə müzakirəyə bizi şəxsən siz dəvət edirdiniz. Ancaq bu səfər bilmirəm necə və nə cür oldu. Mən Sadaxlı Mədəniyyət Evinin divarlarının sıradan çıxması ilə əlaqədar ərizə ilə də müraciət etmişəm. Çox pis görünür. Xalq yığışıb bundan danışır. Artıq 1 aydan artıqdır bu gündədir. Mən bilmirəm bu büdcə ilə Sadaxlıda nə olacaq, nələr ediləcək? Qulaq asıram büdcəyə. Bu qədər böyük bir kənddə bir stadion tikilməsə bu artıq ayıbdır, başqa heç nə. Bu xalqın qarşısında mənim deyiləsi sözüm yoxdur. Sağ olun."
Mer müavini Laşa Lobcanidze də mübahisə ilə davam edən dialoqa fikir bildirib:
"Xuldərə kəndində inşa olunan ictimai məktəbə gedən yol üçün büdcə nəzərdə tutulmuşdur".
A.Giorgadze:
"Bir daha yenə bildirirəm ki, deputatlar büdcə müzakirəsində iştirak etməyə məcburdurlar. Biz bu il pandemiya səbəbindən kəndlərə səfər edə bilmədik. O ki, qaldı Sadaxlıya. Sadaxlıda çoxlu layihələr həyata keçirildi. Bunun üçün də Sadaxlıda heç nə edilməyib deməyin. Stadionun tikilməsi vacibdirsə, biz gələcək illərdə nəzərdə tutarıq".
Qeyd edək ki, Marneuli meriyasının 2021-ci il ilin büdcəsi 34 milyon 934 min 100 lari təşkil edir, bu isə ötən ilin büdcəsindən 6 milyon 200 min lari artıqdır.