Prezident Ərdoğan BMT Təhlükəsizlik Şurasında köklü islahatlar tələb edir
23.09.2026 17:50
206
Dünya
A
Prezident Ərdoğan BMT Təhlükəsizlik Şurasında köklü islahatlar tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının veto hüququnun ləğvini, daimi üzvlük sistemindən imtina edilməsini və Baş Assambleyanın səlahiyyətlərinin artırılmasını özündə əks etdirən genişmiqyaslı islahatların aparılmasına çağırış edib.

Aktual.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Ərdoğan bu addımı BMT islahatlarının əsas tərkib hissəsi hesab etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının imtiyazlı üzvlərinin sayının sadəcə artırılması səlahiyyətlərin məhdud sayda dövlətin əlində cəmləşməsi problemini həll etməyəcək.

"İslahatlar eyni imtiyazların digər dövlətlərə verilməsi demək ola bilməz", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan Baş Assambleyada heç bir dövlətin əksəriyyətin iradəsinə davamlı olaraq mane ola bilməməsi prinsipi ətrafında geniş koalisiya yaratmağı təklif edib.

Türkiyə lideri, həmçinin BMT Təhlükəsizlik Şurasının formalaşdırılması prinsipinin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. O hesab edir ki, qurumda daimi üzvlər olmamalı, ölkələr Baş Assambleya tərəfindən müəyyən müddətə və rotasiya qaydasında seçilməlidir.

"Keçmişin iyerarxiyasını qoruyub saxlamaqla gələcəyin beynəlxalq nizamını qura bilmərik. Dünya tarixi baxımından qısa bir dövr olan son 25 ilin hadisələri sübut etdi ki, heç bir güc balansı və heç bir beynəlxalq nizam əbədi deyil. Bəşəriyyətə sülh, sabitlik və rifah vəd edən sistemin yeni müharibələrin qarşısının alınmasında, bərabərsizliyin azaldılmasında və dəyişən qüvvələr nisbətinə reaksiya verilməsində kifayət qədər effektiv olmadığı ortaya çıxdı", - deyə Ərdoğan bildirib.

Bu çərçivədə Türkiyə Prezidenti rəsmi Ankaranın irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə işarə edən "Dünya beşdən böyükdür" prinsipini yenidən xatırladıb.

"Bu mənada 'Dünya beşdən böyükdür' çağırışımız məsuliyyətin daha geniş miqyasda dərk edilməsinə dəvətdir. İndi islahat ehtiyacını konkret yol xəritəsinə çevirmək olduqca vacibdir. Hər bir regionun problemlərini kənardan diktə edilən üsullarla həll etmək mümkün deyil. Biz inanırıq ki, aidiyyəti ölkələrin iradəsinə, yerli şərtlərə və ümumi maraqlara əsaslanan yanaşmalar daha dayanıqlı və sabit nəticələr verəcək. Diplomatik potensiala, iqtisadi resurslara və fərqli tərəflərlə ünsiyyət qurmaq bacarığına malik olan dövlətlər sülh və sabitliyin bərqərar olmasında mütləq şəkildə daha fəal rol oynamalıdırlar", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə Dövlət başçısı beynəlxalq sistemdə aparılacaq islahatların iqtisadi tərəflərinə də xüsusi toxunub:

"Qloballaşmanın təkbaşına rifahın yayılmasını təmin edəcəyi ilə bağlı gözləntilər özünü tam doğrultmadı, gəlirlərin bölgüsündəki bərabərsizlik daha da dərinləşdi, texnologiyalar və iqtisadi asılılıqlar isə yeni rəqabət sahələrinə çevrildi".

ŞƏRH YAZ
2