Marneuli böyüyür. Şəhərdə yeni binalar tikilir, əhali artır, kəndlərdən, eləcə də qonşu bələdiyyələrdən Marneuliyə axın güclənir. Lakin şəhərin infrastrukturu bu sürətli dəyişikliklərə nə qədər hazırdır?
Küçələrdə yaranan uzun tıxaclar artıq sakinlərin gündəlik probleminə çevrilib. Yol infrastrukturu bəzi ərazilərdə nəqliyyatın normal hərəkətini təmin etmir. Elə hallar olur ki, normalda 10 dəqiqəyə qət edilməli məsafəni sürücülər bir saata qədər vaxt sərf etməklə gedirlər.
Bəzi küçələrdə asfalt örtüyü dəfələrlə yamaqlanıb. Lakin yamaqla həll edilən yollar qısa müddət sonra yenidən problemə çevrilir. Bu isə yol infrastrukturunda daha davamlı və sistemli həllərə ehtiyac olduğunu göstərir.
Problem yalnız yollarla məhdudlaşmır.
Marneulinin bəzi küçələrində kanalizasiya və drenareraj sistemi də ciddi narahatlıq doğurur. Çirkab suların birbaşa küçələrə axdığı, yağış yağarkən mərkəzi yolların gölməçələrə çevrilməsi hallar sakinlərin gündəlik həyatına təsir edir. Pis qoxu, antisanitar vəziyyət və xüsusilə yay, eləcə də qış aylarında yaranan əlavə narahatlıqlar problemin miqyasını daha da artırır.
Piyadalar üçün vəziyyət də ürəkaçan deyil. Bəzi küçələrdə səkilər ya yararsız vəziyyətdədir, ya da avtomobillərin parklanması üçün istifadə olunur. Piyada keçidlərinin və küçə işıqlandırmasının vəziyyəti də suallar doğurur. Nəticədə sakinlər bəzi ərazilərdə avtomobil yolundan hərəkət etməyə məcbur qalırlar.
Şəhərin digər problemlərindən biri isə köhnə yaşayış binalarının vəziyyətidir. Beşmərtəbəli binaların bir çoxunda eyvanlarda çatlar və dağılmış konstruksiyalar görünür. Bu isə sakinlər üçün təhlükəsizlik məsələsini gündəmə gətirir. Əsas sual isə budur: belə binalar nə vaxt yoxlanılacaq və təhlükə yaranmadan hansı tədbirlər görüləcək? Əhali 2022-ci ildə Marneulinin Nəriman Nərimanov küçəsindəki 5 mərtəbəli binada baş verən faciəni yaxşı xatırlayır...
Digər tərəfdən, şəhərdə yeni obiyektlərin, xüsusi ilə də hündürmərtəbəli binaların sayı da sürətlə artır. Yeni tikililər Marneuliyə rəng qatması ilə yanaşı başqa bir problemi – parkinq çatışmazlığını da daha qabarıq şəkildə ortaya çıxarır.
Marneulidə inşa edilən bir sıra hündürmərtəbəli yaşayış binasına havadan çəkilmiş görüntülərlə nəzər saldıqda görünür ki, avtodayanacaq yerləri məhduddur. Bu fonda ortaya çıxan əsas suallardan biri də budur: belə tikililərin inşasına kim və hansı əsaslarla icazə verir?
Sakinlər avtomobillərini saxlamaq üçün yer tapmaqda çətinlik çəkirlər. Bəzi hallarda avtomobillər səkilərdə və piyadaların hərəkətinə mane olan yerlərdə saxlanılır. Beləliklə, parkinq problemi birbaşa piyada infrastrukturuna da təsir göstərir.
Bütün bunların fonunda kəndlərdən və qonşu bələdiyyələrdən şəhərə gələn insanların sayının artması Marneulinin üzərinə düşən yükü daha da artırır.
Əhali artır, yeni binalar tikilir, avtomobillərin sayı çoxalır. Bəs yollar, kanalizasiya sistemi, parkinq, səkilər, işıqlandırma və digər şəhər infrastrukturu bu artıma uyğun şəkildə yenilənirmi?
Marneulinin böyüməsi qaçılmazdır və şəhərin inkişaf etməsi müsbət prosesdir. Lakin əsas məsələ şəhərin necə böyüməsi və mövcud infrastrukturun bu artıma nə dərəcədə hazır olmasıdır.
Çünki şəhərin böyüməsi yalnız yeni binaların tikilməsi deyil. Əhali artırsa, onunla birlikdə yollar, kanalizasiya, səkilər, parkinq, təhlükəsizlik və digər infrastruktur da inkişaf etməlidir.
Daha ətraflı İlkin Hüseynov və Salo Salahlının video süjetini təqdim edirik: